Reklam verin!


Azad Sözİyun 14, 2008 13:51
ABŞ-ın Azərbaycanda yaxınlaşan prezident seçkilərinin nəticələrinə necə reaksiya verəcəyi yerli və xarici siyasi çevrələrdə müzakirə olunmaqdadır. Birləşmiş Ştatların rəsmiləri hər dəfə bəyan edirlər ki, onların Azərbaycanda enerji maraqları olsa da demokratiya da əsas prioritetlərdən biridir. Artıq rəsmi Vaşinqton Bakını bu seçkilərin azad və ədalətli keçirilməsini təmin etmək üçün tədbirlər görməyə çağırıb. Bu çağırışlara Bakıda məhəl qoyulmur, bəs o zaman seçkilər əvvəlki kimi saxtalaşdırılsa ona Birləşmiş Ştatların münasibəti necə ola bilər?

ABŞ-ın UPİ informasiya agentliyinin analitiki Con Deyl bu haqda məqaləsində yazıb ki, Buş administrasiyası 2001-ci ildən başlayaraq qlobal terrorla mübarizə və demokratiyanın dünyada yayılması missiyalarını başlatdı. “Lakin söhbət neft və qazla zəngin ölkələrə gələndə ikinci kampaniya ciddi tənqidlərlə qarşılaşır. Çünki ABŞ belə ölkələrdə enerji maraqları naminə hər dəfə demokratiyanın pozulmasına göz yummalı olur. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda da belədir”. Müəllif yazır ki, 90-cı illərin əvvəllərindən başlayaraq ABŞ həmişə Azərbaycan, Qazaxıstan kimi zəngin neft ehtiyatlarına malik ölkələrdə seçkilərin saxtalaşdırılmasını yumşaq tənqid edib. “2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri zamanı İlham Əliyevə saxtakarlıq və fırıldaqlarla müşaiyət olunan seçkilərdən sonra 76.84 faiz səs yazıldı. O zaman ABŞ Dövlət Departamenti seçkilərdə yol verilən pozuntulardan ”dərin məyusluq" keçirdiyini bəyan etdi, ancaq əlavə etdi ki, “seçilmiş prezident İlham Əliyev və onun hökuməti ilə işləməyə hazırdır”.
Deyl xatırladır ki, oktyabr ayına təyin olunan seçkilər ərəfəsində də Azərbaycanda İlham Əliyevin 80 faizdən çox səs yığacağı haqda təbliğat aparılır. Bu isə göstərir ki, tarix yenidən təkrar olunacaq. Məqalədə deyilir ki, Əliyev neft gəlirlərindən faydalanaraq öz mövqelərini gücləndirir, iqtisadiyyat sürətlə inkişaf edir. “Analitiklər proqnozlaşdırırlar ki, Azərbaycanın neft gəlirləri 2020-ci ildən başlayaraq əhəmiyyətli şəkildə azalmağa başlayacaq, neft gəlirlərinin düzgün xərclənməməsi nəticəsində sosial münasibətlər gərginləşəcək və bu zaman demokratik təsisatlara malik olmayan ölkəni idarə etmək çətin olacaq. Bu baxımdan mandatının son aylarını yaşayan Buş administrasiyasının seçkilərin nəticələri ilə bağlı ”yendən məyusluq keçirməsinin" Azərbaycanda əzilmiş müxalifətə kömək etməyəcəyini müşahidə etmək maraqlı olacaq. Çünki neft Amerikanın xarici siyasətində güclü təsirini saxlamaqda davam edir".

Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker