“Mən son 1-2 il ərzində Bakıda mitinq görməmişəm”. Bu sözləri “Women”s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyinə müsahibəsində ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik söyləyib.Cənab Henik Azərbaycanın gələcək perspektivləri barədə suala cavabında deyib ki, Azərbaycanın Qərb və bazar yönlü iqtisadiyyat istiqamətində inkişaf edəcəyinə inanır.“ABŞ bu məqsədi tam dəstəkləyir. Biz bir neçə sahədə müsbət dəyişiklik və islahatların şahidi olmaqdayıq, amma eyni zamanda hesab edirik ki, bir sıra sahələrdə, ələlxüsus azad mətbuat, azad toplaşmaq sahəsində problemlər var.
Biz bu iradlarımızı açıq dilə gətiririk. Bu o demək deyil ki, bu, həll oluna bilməyən problemlərdir. Biz Azərbaycanın dostu kimi istəyirik ki, bu problemlər ən yaxın bir vaxtda həllini tapsın. Bundan ötrü biz öz köməyimizi göstərməyə hazırıq. Odur ki, mən hesab edirəm ki, Azərbaycan bu istiqamətdə inkişafını davam etdirəcəkdir. Bu, maneəsiz bir yol deyil, problemlər vardır. Azad mətbuat, azad seçkilər və azad toplaşmaq məsələlərində problemlər vardır”.
Son 1-2 ildə Bakıda mitinq görmədiyini bildirən səfirlik nümayəndəsi bunun normal vəziyyət olmadığını deyib. Onun sözlərinə görə, bəlkə, hər gün, ən azından hər həftə Vaşinqtonda Ağ Evin qarşısında mitinq keçirilir: “Əgər fövqəldövlətin paytaxtında, Ağ Evin önündə mitinqlər keçirilirsə, mən başa düşə bilmirəm ki, Bakıda niyə mitinqlər keçirilə bilmir. Bu, böyük bir problemdir. Amma bu, o, demək deyil ki, biz Azərbaycanın demokratik inkişafını çox aşağı qiymətləndiririk. Biz Azərbaycanın sadəcə öz məqsədlərinə nail olmasına kömək etmək istəyirik. Əgər Azərbaycan, həqiqətən də, demokratik istiqamətdə inkişaf etmək istəyirsə, bu problemlər, təbii ki, həll edilməlidir”.
Azərbaycan jurnalistlərinin səviyyəsi barədə suala cavabında isə cənab Henik ölkəmizdə ən çox hörmət etdiyi adamların jurnalistlər olduğunu deyib: “Bilmirəm, başqa ölkələrdə necədir, amma Azərbaycanda jurnalist işləmək asan deyil. Jurnalistlərin maaşı, təxmin edirəm ki, yüksək deyil. Jurnalistlər təsir altında işləyirlər. Bu, sadəcə baş redaktorun və ya ümumi sistemin təsiri ola bilər. Amma buna baxmayaraq, onlar məhsuldar və peşəkarcasına çalışırlar. Amma bəzi jurnalistlər sırf jurnalistika məqsədi ilə işləmirlər. Azərbaycanda bəzi mətbuat orqanları siyasi məqsədlərlə işləyirlər. Onlar xəbərin düzgün, obyektiv olmasını deyil, bu xəbərin digər siyasi qüvvəyə ziyan vurmasını istəyirlər. Təbii ki, bu, jurnalistika peşəkarlığı deyil. Mən ümid edirəm ki, Azərbaycanda sözün əsl mənasında müstəqil və peşəkar mətbuat güclənəcək. Amma bu gün bunu demək çətindir”.
C.Henik Azərbaycanda diplomatik fəaliyyətini başa vurduqdan sonra Şərqi Timorda səfir müavini işləyəcəyini də deyib.
