Qərarları Avropa Məhkəməsində ləğv edilən, barələrində intizam tədbiri seçilən hakimlər yüksəldildi
Dünən Milli Məclisin növbəti iclası keçirildi. Əvvəlki iclaslardan fərqli olaraq, bu dəfə gündəliyə nə az, nə də çox, düz 29 məsələ daxil edilmişdi. Bunu əsas gətirən sədarət cari məsələlər üçün nəzərdə tutulan vaxtı ləğv etdi. Beləliklə, deputatların ilk müzakirəsinə çıxarılan məsələ Ali Məhkəmənin, Apellyasiya Məhkəməsinin, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinin hakimlərinin təyin edilməsi oldu. Bu məsələlərlə bağlı deputatlara Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının sədri Əli Hüseynov məlumat verdi.
Cəzalandırılmalı olan hakim mükafatlandırılır
Müzakirələr zamanı çıxış edən İqbal Ağazadə diqqəti Azərbaycanın məhkəmə sistemindəki vəziyyətə yönəltdi: «Bu gün Azərbaycan məhkəmələrinin durumu hər kəsə bəllidir. Bəlkə də dünyada ən ədalətsiz qərarları bizim məhkəmələr çıxarır. Təəssüflər olsun ki, bizim məhkəmələrimiz öz qərarlarında nə qanunları, nə də ədalət prinsipini rəhbər tuturlar. Hüququ pozulan vətəndaş məhkəməyə müraciət etməlidir. Məhkəmələr isə əksər hallarda həmin insanın hüquqlarını qorumur. Məcbur olan vətəndaş Avropa Məhkəməsinə üz tutur. Mən xanım olduğu üçün ad çəkmək istəmirəm. Ancaq burada hakimliyə namizədliyi təqdim olunan bir şəxs var ki, (Nəsimi rayon Məhkəməsinin hakimi Gülnarə Tağızadəni nəzərdə tutur-P.H) onun qəbul etdiyi qərar Avropa Məhkəməsi tərəfindən ləğv olunub. Söhbət Sərdar Cəlaloğlu ilə bağlı məsələdən gedir. Qəbul etdiyi qərarın Avropa Məhkəməsi tərəfindən ləğv olunması və hökumətin cərimələnməsinə səbəb olan bir şəxsin bu formada irəliyə çəkilməsi biabırçılıqdır. Bu cür hakim cəzalandırılmaq əvəzinə onu irəli çəkirlər. Belə hakimlər dövlət orqanlarının, o cümlədən ittiham tərəfinin mövqeyini əsas götürərək, qanunsuz qərarlar çıxarırlar. Məncə, bununla bağlı konkret faktlar səsləndirməyə də ehtiyac yoxdur. Çünki bütövlükdə məhkəmə sistemi bərbad durumdadır».
İ.Ağazadənin sözlərinə görə, millət vəkillərinə vətəndaşlardan daxil olan şikayətlərin əksəriyyəti məhz məhkəmələrdəndir: «İndi kim təminat verir ki, bu cür hakimlər bundan sonra qanunlara hörmətlə yanaşacaq? Təbii ki, yanaşmayacaq. Bu gün cəzalandırılmalı olan hakimin mükafatlandırılması nə qanunlara, nə də ədalət prinsiplərinə sığır. Hesab edirəm ki, bu cür hallar həm də dövlətin imicinə kölgə salır».
«Gülnarə Tağızadə- ədalətsiz, qanunsuz qərarların müəllifi»
Millət vəkili Pənah Hüseyn isə həmkarı İ.Ağazadədən fərqli olaraq, konkret ad çəkdi: «Mən açıq şəkildə demək istəyirəm ki, Gülnarə Tağızadənin namizədliyinin irəli sürülməsi ədalətsiz, qanunsuz bir haldır. Bu xanım çoxsaylı ədalətsiz, qansuz qərarların müəllifidir. Gülnarə Tağızadənin çıxardığı qərarların surəti mənim əlimdədir. O, xüsusiən kütləvi aksiyalar zamanı həbs olunan şəxslər barəsində ağına-bozuna baxmadan qərarlar çıxarıb. Bu adam siyasi sifarişlə işləyən bir insandır. Mövcud qanunvericiliyə görə, qərarları Avropa Məhkəməsində ləğv edilən hakimlərin yuxarı vəzifəyə çəkilməsi qeyri-mümkündür. Amma bu gün bunun əksini görürük. Mən hesab edirəm ki, bu, texniki deyil, sırf siyasi məsələdir. Hakimiyyət bununla məhkəmələrə deyir ki, bundan sonra da belə işləyin».
«Tanınmış jurnalistlər ədalətsiz qərarlara görə həbsdədir»
Hazırda ədalətsiz məhkəmə qərarlarına görə, Qənimət Zahidin, Eynulla Fətullyaevin, Mirzə Sakitin həbsdə qaldığını vurğulayan millət vəkili belə qərar çıxaran hakimlərin irəliyə çəkilməsinin hakimiyyətinn məqsədyönlü siyasətinin nəticəsi olduğunu dedi: «Mən öz hüquqlarını kifayət qədər qoruyan bir adamam. Özümlə bağlı çıxarılan bir məhkəmə qərarının surətini əldə edə bilmirdim. Aradan beş ay keçəndən sonra buna nail ola bildim. Bir millət vəkili bu qədər haqsızlıqla qarşılaşırsa, onda görün adi vətəndaş hansı vəziyyətə düşür».
Fikirlərinin sonunda Pənah Hüseyn hər bir hakimin namizədliyinin ayrıca səsə qoyulmasını təklif etdi. Həmçinin, o, komissiya sədri Əli Hüseynovdan namizədlərin hansının barəsində intizam tədbiri görülməsi barədə açıqlama verməsini tələb etdi.
«Hakimlər çıxardıqları ədalətsiz qərara görə cavab versinlər»
Qüdrət Həsənquliyev də öz çıxışında həmkarları tərəfindən səsləndirilən iradları bölüşdüyünü dedi. Deputat onu da bildirdi ki, hakimlərlə bağlı prezidentə təqdim olunan siyahı ilə yanaşı, onlar barəsində məlumat da dövlət başçısına çatdırılmalıdır: «Siyahını prezidentə verirlər. Dövlət başçısı nə bilir ki, həmin adamların keçmişi necədir. Yaxşı olardı ki, bu hakimlərlə bağlı da məlumat veriləydi».
Köçkün deputat Astan Şahverdiyev isə bəzi hakimlərin məcburi köçkünlərin məskunlaşdıqları yerdən çıxarılması barədə qərarlarından narazılığını ifadə etdi. Prezidentin məlum fərmanını xatırladan deputat bildirdi ki, qaçqın və məcburi köçkünlərin yaşadıqları yerdən çıxarılması qanunsuzluqdur: «Son dövrlər bu halların sayı artıb. Amma bunu fərqində olmalıyıq ki, qaçqın və məcburi köçkünlər böyük qüvvədir. Bu qüvvəni seçkiqabağı hakimiyyətdən narazı salmağa cəhdlər var. Mən hakimləri vicdanlı olmağa çağırıram».
Deputat Zahid Oruc isə səslənən tənqidlərin bütövlükdə məhkəmələrə aid edilməsi ilə razılaşmadığını bildirdi. Onun sözlərinə görə, il ərzində qəbul olunan on minlərlə qərarların müəyyən faizinin ədalətsiz olmasına təbii yanaşılmalıdır.
Bununla belə, deputat bildirdi ki, məhkəmələrə ünvanlanan tənqidlərə Prezident Aparatı əvəzinə elə məhkəmələr özləri reaksiya verməlidirlər: «Nəyə görə bu məsələdə Prezident Aparatı sinəsini qabağa verməlidir? Elə həmin qərarları qəbul edən hakimlər zəhmət çəkib, öz qərarlarının doğruluğunu sübut etsinlər».
Sonda komissiya sədri Əli Hüseynov Gülnarə Tağızadə ilə bağlı deyilənlərə reaksiya verdi: «Gülnarə Tağızadədən söhbət getdi və bildirildi ki, onun qəbul etdiyi qərar Avropa Məhkəməsində ləğv olunub. Məncə, Gülanarə xanımın şəxsiyyəti ilə Avropa Məhkəməsinin qərarını əlaqələndirmək doğru deyil».
Hakimliyə namizədlər, yoxsa qoyun sürüsü?
Hakimlərin ayrı-ayrılıqda səsverməyə çıxarılması təklifinə gəldikdə isə Ə.Hüseynov buna ehtiyac olmadığını bildirdi.
Yerindən ayağa qalxan Pənah Hüseyn səsvermənin bu formada keçirilməməsinə etiraz etdi. P.Hüseyn: «Bu qoyun sürüsü deyil axı, niyə ayrı-ayrılıqda səsvermə keçirmirsiniz?»
Müxalifətçi deputatın dediyinə reaksiya verən YAP-çı millət vəkili Tahir Rzayev ona replika atdı. Lakin P.Hüseyn onu da cavabsız buraxmadı: «Sən, nə deyirsən, bəyəm yalan deyirəm? Burada söhbət ayrı-ayrı şəxslərdən gedir. Bəlkə, mən birinə səs verirəm, digərinə yox. Öz mövqeyimi necə ifadə etməliyəm?»
P.Hüseynin zaldakı ab-havanı dəyişdiyini görən spiker Oqtay Əsədov «özüm bilərəm necə səsvermə keçirirəm» deyərək, bütün namizədlər üçün ümumi səsvermə keçirdi. Beləliklə, Rəşadət Ağayev, İlham Cəfərov, Ələsgər Əliyev, Tatyana Qoldman və Əli Seyfəliyev Ali Məhkəmənin, Mirzəli Abbasov, Aygün Abdullayeva və daha 9 nəfər Bakı Appellyasiya Məhkəməsinin, Gülnarə Tağızadə, Lətifə Məmmədova isə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olundu.
