Şənbə günü Nəsimi rayon 22-ci polis bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalmış Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) rəhbəri Emin Hüseynovun vəziyyəti ağır olaraq qalır. Hüseynov şənbə günü axşam ağır vəziyyətdə yerləşdirildiyi Təcili Yardım Xəstəxanasının reanimasiya şöbəsindədir.Jurnalist ayılmasına baxmayaraq, başında və boyun nahiyəsində güclü ağrılar hiss edir, həmçinin onda ürəkbulanma və baş gicəllənməsi var. Onun sözlərinə görə, hər-hansı xüsusi müalicə aparılmır. Bütün tibbi yardım onun krizisdən çıxarılmasından ibarətdir. Jurnalistə sistem qoşulub, ona ağrıkəsici və qlükoza vurulur. E.Hüseynov başına gələnlərlə bağlı bunları danışıb:“Jurnalist həmkarımız məlumat vermişdi ki, Nəsimi rayonundakı ”Alaturka" kafesində Çe Gevara ilə bağlı filmin təqdimatı olacaq. RATI-nin üç nəfər işçisi getdik ki, o təqdimatı çəkək. Gördük filmi qoyublar. Kubanın səfiri iştirak etdi, ondan sonra hansısa kommunist gənclər təşkilatının nümayəndəsi çıxış etdi. Ardınca Həmid Herisçi çıxış edəcəkdi, bu məqamda zala silahlı mülki geyimli şəxslər, bir də polislər daxil oldular. Çəkilişi saxladılar, kasetləri də dərhal aldılar. Bölməyə aparıb hamımızın ad-soyadını qeydiyyat ünvanlarını yazdılar. Dedilər, hazırlaşın şəkillərinizi çəkəcəyik, barmaq izlərinizi götürəcəyik. Etiraz elədim ki, buna ixtiyarınız yoxdur, bizi qeyri-qanuni saxlamısız. Siyahı oxudular mənim və tanımadığım bir yoldaşın adı çıxmadı. Bizə dedilər ki, gəlin, rəis sizin koordinatlarınızı istəyir. Mən dərhal yerli və beynəlxalq KIV-lərə bu barədə məlumat ötürdüm. Həmin vaxt o biri uşaqları vururdular, incidirdilər. Hüquqlarını izah etmədən zorla şəkillərini çəkirdilər. Məni kabinetə salanda Rauf Arifoğlu zəng vurub məlumat istədi. Dedi eşitmişik sizi, uşaqları saxlayıblar, vəziyyət nə yerdədir? Mən də ona məlumat verdim.
“Dedi, səni məhv eləyərəm, sənin kimi 5 min dustağım olub”
Rəis müavini əliylə işarə etdi ki, dayandır. Içəridə oturanlardan biri də dedi ki, kiminlə danışırsan bu qədər? Rauf Arifoğlu da sonda dedi ki, mənim adımdan polislərə salam deyərsən. Soruşdular kim idi, dedim Rauf Arifoğlu, sizə salam da dedi. Bəzi polislər güldülər, Çe Gevaranın kitabını oxuyan mülki geyimli şəxs isə başladı Rauf Arifoğlunu söyməyə. Dedim, xahiş edirəm söyüş söyməyin, Rauf Arifoğluna sözünüz varsa, özünüz deyərsiz. Dedi ki, sən Raufun adıyla bizi dolayırsan? Dedim, xətrinizə dəydisə üzr istəyirəm. Dedi nə üzr, jurnalist tayfası filan tayfadır, pis söyüşlər söydü. Yenə ona etirazımı bildirdim ki, siz haqsızsınız, xahiş edirəm söyüş söyməyin. Özünüzü təqdim etmirsiniz, amma söyüş söyürsünüz, qanun pozuntusuna yol verirsiniz. Gördü, qanundan danışıram, göstəriş verdi ki, o birisini çıxarın qoy bu qalsın. O çıxan kimi dedi ki, nədi səhərdən qanundan danışırsan. Əlindəki kitabı yerə tullayıb, cibindəki tapançanı çıxartdı və stola bərk zərbə vurdu. O biri əliylə də boynumdan tutub mənə möhkəm zərbə endirdi. Bütün onurğam silkələndi. Dedim, məni vurmaqla böyük səhvə yol verirsiz, bir də vursanız, qanun qarşısında cavab verəcəksiz, beynəlxalq məhkəmələrdə də sizə qarşı hökm çıxaracaqlar. O da başladı əsəbi şəkildə ora-bura gəzişməyə. Sonra mənim üstümə hücum çəkdi, amma bu dəfə heç nə eləmədi. Dedi ki, “Səni məhv eləyərəm, sənin kimi 5 min dustağım olub”. Dedim, mənə elədiyinizi eləmisiniz. Polislər gördülər ki, doğrudan da özümü pis hiss eləyirəm, dedilər çıx bayırda gözlə. Çıxıb polislərdən xahiş elədim ki, təcili yardım çağırın, vəziyyətim pisdir, təzyiqim qalxsa şoka düşə bilərəm. Çağırmadılar.
“Görəndə ki, vəziyyətim pisləşir məni döyən şəxsi bölmədən qaçırtdılar”
Dedim ki, həkimlə təmin olunmaq hüququm var, əgər ölsəm sizin boynunuzda qalacam. Hüquq müdafiəçilərinə məlumat verdim, artıq gəzə bilmirdim, elə dəhlizdə yerə oturdum. Su gətirdilər, içə bilmədim, qaytardım. Başım gicəllənirdi. Görəndə ki, vəziyyətim pisləşir həmin şəxsi oradan qaçırtdılar. Polisə dedim ki, hara gedir, vurub indi də qaçır? O biri polis məni sakitləşdirirdi ki, o vurmaq istəmirdi, kəmərini düzəltmək istəyirdi, olan şeydi, keçib gedər. Dedim heç nə istəmirəm, həkim çağırın. 5 dəqiqədən sonra Arzu Abdullayeva zəng vurdu ki, DIN-ə məlumat verilib. Leyla Yunus, Çingiz Qənizadə də zəng vurdu ki, anlaşılmazlıqdır, sizi buraxacaqlar. Polislər qoluma girib məni çıxartdılar bayıra ki, həkim gəlib. Sən demə, məni bölmədən çıxarırdılar ki, orda özümdən getməyim. Bölmənin qarşısında hüquq müdafiəçiləri məni otuzdurublar, ondan sonra da huşsuz vəziyyətdə xəstəxanaya gətiriblər".
“Saxta diaqnoz qoyublar ki, guya əsəbiləşmişəm, təzyiqim qalxıb”
E.Hüseynov ona qoyulan diaqnozun (nevrastenik reaksiya) dəqiqliyinə şübhə etdiyini bildirib: “Başımda və boynumda güclü ağrılar var. Bu, demək olar ki, 2003-cü il oktyabrın 16-da ”Azadlıq" meydanında polislər tərəfindən döyüləndə hiss etdiyim ağrılar kimidir. Ürəyim bulanır, ayağa qalxıb gəzə də bilmirəm. Burada məni sovet vaxtından qalma köhnə aparatla rentgen-müayinədən keçiriblər, bu aparat kəllə-beyin zədəsinin dərəcəsini göstərmək iqtidarında deyil. Saxta diaqnoz qoyublar - guya mən əsəbiləşmişəm, ona görə təzyiqim qalxıb. Dəqiq diaqnoz üçün tomoqrafiya və maqnit-rezonans anqioqrafiyası lazımdır, lakin təcili yardım xəstəxanasında bu avadanlıqlar yoxdur, başqa xəstəxanalara da məni buraxmırlar".
“Polis işi araşdırmaq istəmir”
Dünən E.Hüseynova Nəsimi rayon 22-ci polis bölməsinin müstəntiqi və məhkəmə-tibbi eksperti baş çəkib. Jurnalist hesab edir ki, onlar işi obyektiv araşdırmaq niyyətində deyillər. Belə ki, müstəntiq jurnalistə qarşı zorakılıq olmadığına və onda sadəcə nevrastenik reaksiya olduğuna əsaslanır. RATI sədri polisin bəzi KIV-ə onun polis bölməsində “özünü döyməsi” ilə bağlı verdiyi bəyanatı da cəfəngiyyat adlandırıb. “Bu bizim polisin ən sevdiyi variantdır. Keçən il jurnalist Üzeyir Cəfərovun başını armatur ilə yaranda da polis deyirdi ki, o, bunu özü edib. Məhkəmə-tibbi ekspert isə daha çox mənim ayaqlarımı müayinə edib”.
Onu döyən şəxsi tanıdığını deyən E.Hüseynov bildirir ki, əgər DIN bu işlə məşğul olmasa, məhkəməyə müraciət edib bütün instansiyaları keçərək, Avropa Məhkəməsinə qədər getmək niyyətindədir. Qeyd edək ki, dünən gün ərzində E.Hüseynova Norveçin Bakıdakı səfiri Yon Ramberq, habelə ABŞ səfirliyinin nümayəndələri, yerli hüquq müdafiəçiləri, jurnalistlər və ictimaiyyət nümayəndələri baş çəkiblər.
Aqil Xəlil

