ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Emin Hüseynovun iyunun 14-də Bakıda polis bölməsində döyülməsindən qəzəbləndiyini bildirib: «Biz həmkarımız Emin Hüseynova qarşı bu vəhşi hücumdan qəzəblənmişik». Məlumata görə, JMK-nın Avropa və Orta Asiya üzrə koordinatoru Nina Oqnianova Azərbaycan hakimiyyətini bu hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
JMK-nın press-relizində deyilir ki, Nəsimi rayon 22-ci Polis Bölməsinə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov görüşün 20 iştirakçısı ilə birlikdə gətirilib. Polisdə tapançanın tutacağı ilə onun kürəyinə və boynuna bir neçə dəfə zərbə vurublar. Bu zaman polis zabiti onu hədələyib və təhqir edib.
JMK-nın sorğusuna cavab olaraq bölmənin zabiti bildirib ki, Hüseynova təzyiq göstərilməyib və o, özünü beyin silkələnməsi olan şəxs kimi göstərir.
Bir sıra səfirliklər və beynəlxalq təşkilatlar hadisəni pisləyiblər.
13:30
Üç gün əvvəl paytaxtın 22-ci polis bölməsində döyülərək xəsarət alan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov hələ də Kliniki Tibbi Mərkəzin reanimasya şöbəsindədir. Səhhəti haqda məlumat verən E.Hüseynov baş ağrılarının olduğunu, yemək yeyə bilmədiyini, suyu qurtum-qurtum içə bildiyini deyib: «Baş gicəllənməsi, ürək bulanması hələ keçməyib.Bu gün reanimasiya şöbəsinin həkimi bir daha məni müayinə etdi.Beyn zədəsi aldığımdan həkimlər hələ bir həftə xəstəxanada qalmağımı məsləhət biliblər».
E.Hüseynov bu gün səhər saatlarında qəribə bir halla qarşılaşdığını da deyib: «Səhər tezdən palataya iki ağ xalatlı şəxs daxil oldu. Onlardan biri özünü şöbə müdiri, digəri isə ağır vəziyyətdə olarkən məni qəbul edən həkim kimi təqdim etdi. Hər iki şəxs vəziyyətimin normal olduğunu söyləyərək təcili xəstəxananı tərk etməyimi tələb etdilər. Onlar bildirirdilər ki, mən heç bir zədə-filan almamışam. Həkim kimi danışmırdılar, polis kimi əmr edirdilər. Elə bu haqda da onlara dedim və onlarla söhbətn imtina etdiyimi bildirdim. Bir qədər sonra şöbə müdiri özü palataya gəldi, ona bu barədə dedim. Cavabında bildirdi ki, sənə kimin nə dediyini bilmirəm, amma sən yüngül beyin zədəsi almısan».RATİ sədri ona zərbə yetirən şəxsləri yaxşı xatırladığını deyib. Bildirib ki, artıq məhkəmə-tibbi ekspertizadan keçib və Nəsimi Rayon 22-ci polis bölməsinin təhqiqatçısı Yusif Abdinov onu dindirib.
E.Hüseynova iyunun 14-də Bakıdakı «Alaturka» kafesində Çe Gevaranın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbirə polis müdaxiləsi zamanı mülki geyimli şəxslər təzyiq edib. Tədbirdə Kubanın Azərbaycandakı səfiri də iştrak edib. Gözlənilmədən kafeyə daxil olan 30-a qədər mülki geyimli şəxs tədbiri pozub. Kuba diplomatı hadisə yerini tərk edib. Qalan iştirakçıları isə Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar.
22-ci polis bölməsi E.Hüseynovun bölmədə təzyiqə məruz qalmasını təkzibləyir.
10:30
Ombudsman Aparatının əməkdaşları Klinik Tibbi Mərkəzdə olub, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri (RATİ) Emin Hüseynovun vəziyyəti ilə maraqlanıblar. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, E. Hüseynov bildirib ki, iyunun 14-də bir qrup gəncin keçirdiyi tədbiri işıqlandırmaq məqsədi ilə tədbirin təşkil edildiyi kafeyə gediblər.Bu vaxt Nəsimi rayon Polis İdarəsinin əməkdaşları onları idarəyə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar.
O, idarədə olduğu müddətdə mülki geyimli şəxs tərəfindən zorakılığa məruz qaldığını, nəticədə səhhətinin pisləşdiyini qeyd edib. E. Hüseynov xəstəxanada ona lazımi tibbi yardımın göstərilmədiyini söyləyib. Növbətçi həkim isə E. Hüseynovun vəziyyətinin stabil olduğunu, xəstəxanaya kəllə-beyin travması diaqnozu ilə qəbul olunduğunu, hazırda isə ona nevrotik reaksiya diaqnozu qoyulduğunu bildirib. Ombudsman Elmira Süleymanova RATİ sədrinin işi ilə bağlı məsələnin obyektiv araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
15.06.2008
Polis Çe Gevara tərəfdarlarını saxlayıb. İyunun 14-də Bakıdakı «Alaturka» kafesində Çe Gevara tərəfdarlarının öz kumirlərinin 80 illiyini qeyd etməsi insidentlə nəticələnib. Gözlənilmədən kafeyə daxil olan 30-a yaxın mülki geyimli şəxs Kubanın Azərbaycandakı səfirinin də qatıldığı tədbiri başa çatdırmağı tələb ediblər.Kuba diplomatı hadisə yerini tərk edib.Tədbirin qalan iştirakçıları isə Nəsimi rayon 22-ci Polis Bölməsinə aparılıb. Bölmədə bir neçə saat saxlandıqdan sonra tədbir iştirakçıları sərbəst buraxılıblar.
Sözügedən Polis Bölməsinə aparılan gənclər arasında olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə Təcili- Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
RATİ-nin üzvü İdrak Abbasov «Azadlıq» radiosuna deyib ki, Emin Hüseynova bölmədə ağır xəsarət yetiriblər:
«Hazırda o, özündə deyil».
Nəsimi rayon 22-ci Polis Bölməsinin məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.
Məhşur inqilabçı Çe Gevara ötən əsrin 60-cı illərində Kubada Batista rejiminə qarşı mübarizədə iştirak edib. Boliviyada qətlə yetirilib.






