Reklam verin!


Azad Sözİyun 18, 2008 13:24
Keçən şənbə Nəsimi rayon 22-ci polis bölməsində fiziki və mənəvi zorakılığa məruz qalmış Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun vəziyyəti ağır olaraq qalır. O, hələ sudan başqa heç nə yeyib-içə bilmir. İstənilən yemək ürəyini bulandırır. Başında şiddətli ağrılar dayanmır, güclü baş gücəllənməsi isə sərbəst hərəkət etməsinə imkan vermir.Dünən səhər saatlarında jurnalistin yanına növbətçi həkim və neyrotravmotoloji şöbənin müdiri gəlib.

Onlar E.Hüseynovun heç bir zədə almadığını, yalnız təzyiqinin yüksək olduğunu bildiriblər. Onların sözlərinə görə, Hüseynovun təzyiqi sabitləşib və artıq xəstəxanada qalmasına gərək yoxdur.
“Turan”ın məlumatına görə, bir müddət sonra ənənəvi “səhər yoxlaması” çərçivəsində reanimasiya şöbəsinin həkimləri Hüseynova baş çəkiblər. Şöbə müdiri Hüseynova bildirib ki, onda “yüngül beyin silkələnməsi olub” və sağlamlığı üçün ciddi təhlükə yoxdur. Həkimin sözlərinə görə, bundan sonra onun  reanimasiyada qalması “məqsədəuyğun deyil”, belə ki, Hüseynova sakitlik lazımdır, reanimasiyada isə ağır xəstələr var və bu, onun səhhətinə “mənfi” təsir göstərə bilər. Həkim Hüseynovu “sakit palataya” keçirməyi və orada müalicəni davam etdirməyi məsləhət görüb.
Həmkarımız qeyd edib ki, o, palataya köçürülməsinə etiraz etmir, lakin onda ümumiyyətlə, heç nə olmadığını deyən və kəllə-beyin zədələnməsini etiraf edən müxtəlif fikirli xəstəxana həkimlərinin davranışı sayıqlıq tələb edir: “Mən artıq üç gündür xəstəxanadayam və ağrıkəsicilərdən başqa heç bir müalicə almıram. Bu vaxt ərzində arterial təzyiqin sabitləşməsini nəzərə almasaq, səhhətim yaxşılaşmayıb”.
Təəssüf ki, gün ərzində xəstəxana rəhbərliyindən xəstənin durumu və müalicənin gdişi ilə bağlı məlumat ala bilmədik. Axşam saatlarında isə jurnalistlə əlaqə yaratmaq cəhdlərimiz uğursuzluqla nəticələndi.
“Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova qarşı zor tətbiq olunmayıb”. Bu barədə APA-nın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN-dən verilən məlumata görə, E.Hüseynovun iyunun 14-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində təzyiqlərə məruz qalması barədə mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur: “İyunun 14-də 22-ci polis bölməsinə ərazidə olan kafelərdən birində icazəsiz toplantı keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana baxış keçirəndə məlum olub ki, orada 50-yə yaxın şəxs icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış tədbir keçirir. Polis əməkdaşları icazəsiz aksiyanın qarşısını almaq üçün iştirakçılardan ərazini tərk etməyi tələb ediblər. Amma onlar bu tələbə məhəl qoymayıblar. Belə olan halda polislər 20-yə yaxın şəxsi, o cümlədən Emin Hüseynovu bölməyə dəvət ediblər. Lazımi xəbərdarlıq ediləndən sonra onların hamısı sərbəst buraxılıb. Ancaq Emin Hüseynov çıxarkən bölmənin qarşısında yerə yıxılıb və sonradan döyüldüyünü iddia edib”.
Mətbuat xidmətindən bildirilib ki, RATİ sədrinin üzərində aparılan tibbi-ekspertizadan sonra ona “nevrostonik reaksiya” diaqnozu qoyulub: “Onun fiziki zorakılığa məruz qalması barədə dedikləri təsdiqlənməyib. Emin Hüseynovun guya döyülməsi barədə mətbuata verdiyi açıqlamalar da bir-biri ilə ziddiyyət təşkil edir”.
ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi Emin Hüseynovun iyunun 14-də Bakıda polis bölməsində döyülməsindən qəzəbləndiyini bildirib. “Biz həmkarımız Emin Hüseynova qarşı bu vəhşi hücumdan qəzəblənmişik”, - deyə JMK-nın Avropa və Orta Asiya üzrə koordinatoru Nina Oqnianova bildirib. “Biz Azərbaycan rəhbərliyini bu hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”.
JMK-nın press-relizində deyilir ki, Nəsimi rayon 22-ci polis bölməsinə Emin Hüseynov Kuba inqilabçısı Çe Gevaranın xatirəsinə həsr olunmuş görüşün 20 iştiarkçısı ilə birlikdə gətirilib. Polisdə tapançanın tutacağı ilə onun kürəyinə və boynuna bir neçə dəfə zərbə vurublar. Bu zaman polis zabiti onu hədələyib və təhqir edib. JMK-nin sorğusuna cavab olaraq Nəsimi rayon 22-ci polis bölməsinin zabiti bildirib ki, Hüseynova təzyiq göstərilməyib və o, özünü beyin silkələnməsi olan kimi göstərir.
Bundan başqa, Sərhədsiz Reportyorlar və ATƏT-in söz azadlığını müdafiəsi üzrə nümayəndəsi Mikloş Haraşti də E.Hüseynova qarşı baş verən hadisəni pisləyən bəyanat yayıb.
M.Haraşti bildirib ki, E.Hüseynov çox yaxşı dostdur: “Azərbaycanda müstəqil mətbuatın başına gəldiyi bütün növ problemlər barədə onun verdiyi informasiyaya olduqca etibar edilir. Məni həm şəxsən, həm də rəsmi bir nümayəndə kimi onunla bağlı son xəbər olduqca narahat edir və biz onun taleyinə xüsusi diqqət yetirərək hadisənin inkişafını izləyəcəyik.”
“Jurnalistlər Ekstremal Şəraitdə” (CEŞ) birliyi də dünən yaydığı bəyanatda jurnalistə hücumu pisləyib. Bəyanat müəllifləri 2007-ci ildən bu yana jurnalistlərə qarşı təqib və təzyiqlərin gücləndiyini qeyd edərək bu cür zorakılıqların artıq “rəsmi ənənəyə” döndüyünü və hazırda 4 jurnalistin həbsdə olduğunu vurğulayıblar. “Jurnalistlərə qarşı zorakılıq beynəlxalq sənədlərdə əksini tapır, bu isə dövlətin imicinə onsuz da ağır zərbədir”, - deyə müəlliflər rəsmi Bakıya xəbərdarlıq edirlər. Sənəddə E.Hüseynin zorakılığa məruz qalması əsassız sayılaraq, insan azadlıqlarının pozulması ilə yanaşı, polis özbaşınalığı və cinayət əməli kimi dəyərləndirilir. “Biz bir məsələni heç cür anlaya bilmirik ki, niyə ölkədə keçirilən hər-hansı siyasi kütləvi tədbir və ya yığıncaq dərhal polislə üzbəüz qalır. Bu polisin siyasətə cəlb olunmasıdır və kobud qanun pozuntusudur”, - deyə müəlliflər vurğulayırlar.
Öz növbəsində Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) Emin Hüseynova qarşı edilən hərəkətləri qətiyyətlə pisləyib, hadisəni insan haqlarına və söz azadlığına qarşı yönələn hücum kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. DEVAMM-ın sədri İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, öz peşə borcunu yerinə yetirən şəxsin vəzifəsini yerinə yetirərkən polis hücumuna məruz qalması Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətini sübuta yetirən amillərdəndir: “Vəziyyətin ən acınacaqlı məqamlarından biri odur ki, Emin Hüseynov peşəkar jurnalist olmaqla yanaşı, həm də bir hüquq müdafiəçisidir. Əfsus ki, Azərbaycanın onsuz da acınacaqlı olan imicinin mümkünsüz vəziyyətə düşməsi, ölkəmizin insan haqlarının sabit pozulduğu ölkələr sırasına daxil edilməsi bu qanunsuzluqlara qol qoyanları qətiyyən maraqlandırmır və narahat etmir”.
Bu arada dünən İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırma aparıblar. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən yayılan məlumatda bildirilir ki, ombudsmanın nümayədələri bölmənin rəhbərliyi və orada saxlanılan şəxslərlə görüşüblər. Müvəkkilin nümayəndələrinin iştirakı ilə bir neçə nəfərin şəxsiyyəti müəyyənləşdirilərək, onlardan iltizam alınıb, profilaktik söhbət aparıldıqdan sonra sözü gedən şəxslər sərbəst buraxılıb. Bölmə rəisi saxlanılan şəxslərə qarşı hər hansı təzyiq göstərilmədiyini bildirib.

Sevinc


Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker