Reklam verin!


Azad Sözİyun 26, 2008 13:56
Bu gün Bakı vaxtı ilə saat 12:00-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyinə həsr olunmuş hərbi parad başlayıb. Xatırladaq ki, bu, Azərbaycanın ikinci dövlət müstəqilliyi tarixində ikinci, ümumilikdə Silahlı Qüvvələrin tarixində isə üçüncü hərbi paraddır.İlk hərbi parad 1919-cu ildə Bakı şəhərində - indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə, ikinci parad isə 1992-ci il oktyabrın 9-da Azadlıq meydanında keçirilib.

Tədbiri Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbanı açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tribunaya qalxıb və. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev qoşun növlərinin hərbi parada hazır olması barədə Ali Baş Komandana raport verib. Prezident əsgərləri salamlayıb. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra İlham Əliyev hərbi paradda iştirak edən əsgər və zabitlər qarşısında çıxış edib.
Paradda ilk olaraq tribunanın önündən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun geyimində və o dövrün silahları ilə silahlanmış əsgərlər keçib. Bundan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət bölük, onun ardınca general-mayor Lənkəran Əliyevin rəhbərliyi altında Təlim-Tədris Mərkəzinin, general-mayor Heydər Piriyevin rəhbərliyi altında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, eləcə də Azərbaycan Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin müdavimləri, Quru Qoşunların ordu birləşmələrini təmsil edən bölmələr və Azərbaycanın sülhməramlı bölüyü keçib. Paradda Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının əsgərləri, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının, Sərhəd Qoşunlarının, Daxili Qoşunların bölükləri və dəniz piyadaları xüsusi təqdimatla tribunanın önündən addımlayıblar. Paradda ən çox maraq doğuran isə NATO ölkələri ordularında istifadə olunan müasir atıcı silahlarla təchiz olunmuş, geyimi və maskalanması ilə digər bölmələrdən fərqlənən Müdafiə Nazirliyinin xüsusi təyinatlı 3 bölüyü olub.
Şəxsi heyətin tribuna önündən keçidinin ardınca aparıcının təqdimatı əsasında Azərbaycan Silahlı Qüvvələrinin texniki personalının keçidi başlanıb. Silahlı Qüvvələrin motosikletdən tutmuş müxtəlif təyinatlı raket və artilleriya sistemləri, tırtıllı ağır texnikalar - tank, BMP və özüyeriyən artilleriya sistemləri keçid edib. Paradda T-72M1 markalı tanklar, BMP-2 döyüş maşınları, BTR-80, 2C7, 2C3, 2C1 özüyeriyən artilleriya qurğuları, “OSA-AK”, “Toçka-U”, S-200, S-125 markalı zenit-raket sistemləri, BM-21 (Qrad), Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda olan “Smerch” reaktiv-yaylım atəş sistemləri, “Giatsin”, M-46, MT-12 topları, D-20, D-30A, RBQ (107 mm) və “AMQ-Vasilyok” qaubitsaları, Azərbaycan tarixində ilk dəfə olaraq pilotsuz uçan kəşfiyyat aparatları nümayiş olunub. Hərbi texnikanın keçidinin önündə isə “Mercedes UNİMOS”, “Land Rover” hərbi maşınları və PKM motosikletlərində silahlı əsgərlər keçiblər. Hərbi Dəniz Qüvvələrinin gəmiləri də parada dənizdən dəstək verib, Azadlıq meydanının üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri pilotaj uçuşları yerinə yetiriblər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin 200 nəfərlik hərbi orkestri müşayiət edib.
Qeyd edək ki, paradda Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti, 210 modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 döyüş təyyarəsi, 31 gəmi və kateri iştirak edib. Hərbi parad Dövlət Televiziyası ilə canlı yayınlanıb.

Şərh yazın

captcha


© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. tracker