Əli Kərimli indi də müxbirliyə girişib. “Azadlıq” qəzetinin dünənki sayında Orxan Səlimov imzası ilə məqalə yazıb. Biçarə o günə qalıb ki, özü özünə mirzəlik edir. Fiasko necə olur? Onu müdafiə edəcək bir babat adamı yoxdur ortada. Debillərin, əqidəsini və rəngini tez-tez dəyişənlərin, keçmişi ləkəli adamların ümidinə qalıb. Ümumiyyətlə, o, siyasətə qədəm qoyandan normal komandası olmayıb. Müəyyən dövr ətrafına xeyli adam toplaya bilmişdi. Hakimiyyətin yaxından köməyilə bir müddət Kərimlinin “islahatçılar” adlı dəstəsi yaradılmışdı.Amma onda da o dəstədə bir-iki istisna olmaqla müsbət imicli, təmiz əqidəli şəxs tapmaq mümkün deyildi. Hərəsi bu və ya digər formada iqtidara, ayrı-ayrı məmurlara, hətta yaxın-uzaq dövlətlərin xüsusi xidmət orqanlarına bağlıydı. Hakimiyyət Əli Kərimli ilə əməkdaşlığı dayandırdıqdan sonra həmin adamlar onu tərk etdi. Təşkilatı parçalandı, ən yaxın dostları, qohumları yanından dağılışdı. Sən demə, onun ətrafındakı qələbəlik pula və imtiyazlara bağlıymış. Hökumət Kərimliyə qoyduğu yatırımı dayandıran kimi sular duruldu. Qaranlıq məqamlara aydınlıq gəldi.
Hakimiyyət bu gün Hafiz Hacıyev üçün yaratdığı şəraiti vaxtilə Əli Kərimli üçün yaratmışdı. Hökumət Hafizə necə partiya qurursa, qəzet açırsa, onu maliyyələşdirirsə, müxalifətdəki sağlam qüvvələrə çamur atmaq üçün təlimatlandırırsa, eyni planı bir neçə il əvvəl Əli Kərimli üçün tətbiq edirdi. Hafizdən fərqli olaraq üstəlik, Kərimliyə və onun bir neçə dəstə üzvünə deputat mandatı verib parlamentə də yollayırdı. Bu iki şəxs arasında ciddi mahiyyət fərqi demək olar ki, yoxdur. Hafiz də başını şər-böhtan atmaq və qarayaxma ilə dolandırır, Əli Kərimli də mövcudluğunu eyni üsulla qoruyub saxlayır.
Adam həşir salıb ki, bəs qoymayın, “Yeni Müsavat” mənə böhtan atır. Bizə cavab adı altında hər gün barəmizdə təhqir dolu məqalələr yazdırır. Halbuki parlament seçkilərindən sonra olduğu kimi indi də ilk atəşi məhz Əli Kərimlinin qəzeti açıb, onun fitvası ilə. Yazdığımız məqalələrə, manşetlərə, hətta müsahib seçimimizə kobud bir müdaxilə edib həmin yazıları hakimiyyətə yarınmaq kimi qələmə verdilər. Bir neçə gün dinmədik, daha həyasız formada üzərimizə gəldilər. Cavablarını verəndə də başladılar bizi şantaj etməyə; “Rauf Arifoğlu hakimiyyətin sifarişi ilə AXCP sədrinin əleyhinə məqalələr yazdırır”. Burada deyiblər, “söymə rəiyyət atamı, söyməyim bəy atanı”. Dilini dinc qoy, ətrafındakı debilləri qılçına bağla, bizim də səninlə işimiz olmasın. Əli Kərimli aranı qatır, “Yeni Müsavat” və onun baş redaktoru barəsində ittihamlar yazdırır, bizi ən ağır cinayətlərdə suçlayır, üstəlik, müxalifət düşərgəsinə təfriqə salır, seçkiyə qatılanları satqınlıqda, xəyanətdə suçlayır, özümüzü müdafiə edəndə də adını qoyur ki, guya ona böhtan atırıq. Bu yerdə adamın yadına “pis oynadığı getmir, hələ bir çəpik də çalır” məsəli düşür. Beləsi ilə ancaq öz dilində danışmaq lazımdır. Yoxsa başqa cür mümkün deyil.
Əli Kərimli dünənki məqaləsində rəhmətlik Əbülfəz Elçibəyin Rauf Arifoğlu və “Yeni Müsavat” haqda 9 il əvvəl qəzetlərə verdi müsahibələrdə söylədiyi fikirlərdən sitatlar verib. Əbülfəz bəy həmin müsahibələrdə R.Arifoğlunun onu tənqid etməsindən gileylənir. Kərimli bununla da göstərmək istəyir ki, biz zamanında Elçibəy barədə də qara “piar”la məşğul olmuşuq. Bu barədə bir qədər sonra. Hələliksə oxucuları bir-iki tarixi faktla tanış etmək istərdik.
“Yeni Müsavat” qəzeti Əbülfəz Elçibəy haqda 4 xüsusi buraxılış dərc edib. Bunlardan birincisi 1994-cü ilin aprel ayında işıq üzü görüb. Senzuranın, fövqəladə vəziyyətin, komendant saatının hökm sürdüyü vaxtda redaksiya riski göz altına alıb Bəy haqqında xüsusi buraxılış hazırladı. Həmin xüsusi buraxılışı Dərnəgüldəki mətbəədən “Azərbaycan” nəşriyyatına aparanda artıq gecə saat 12-dən ötmüşdü. Komendant saatında icazə kağızı olmadan maşın sürmək, üstəlik, həmin maşında Əbülfəz Elçibəy barədə 10 min nüsxədən çox qəzet daşımaq gerçəkdən bir fədakarlıq idi. Biz bu fədakarlığı tarix və Elçibəy naminə edirdik. İndi də bu əməlimizdən əsla peşman deyilik.
Əbülfəz Elçibəy Kələkidə sürgündə olarkən hakimiyyət bir neçə dəfə onun həyatına real təhlükə yaratmışdı. Həmin vaxt “Yeni Müsavat” “Kələki mühasirədə”, “Elçibəyin həyatı təhlükədə” manşetləri verəndə “Azadlıq” qəzeti “Çeçenlər rusların üç tankını partlatdı” başlıqlı manşetlər verirdi. Hamı bu riyakarlığın və fərariliyin haradan qaynaqlandığını çox gözəl bilirdi.
İqtidar Elçibəyi Kələkidən bir addım qırağa buraxmayanda Əli Kərimli və onun müavinləri az qala hər ay ABŞ-a, Avropaya səfər edirdilər. Təsəvvür edin, sədr məcburi mühacirətdə, rejimin girovluğunda ola-ola onun birinci müavini dünya turnesinə çıxırdı. İndi bu adam Elçibəyi bizdən müdafiə edir.
Elçibəy Əli Kərimli haqda nə demişdi?
1997-ci ilin aprel ayının sonlarında Rauf Arifoğlu məni və Böyükkişi Heydərlini Əbülfəz bəydən növbəti xüsusi buraxılış hazırlamaq üçün Kələkiyə göndərdi. Bir həftə orada qaldıq. Bizdən iki gün sonra AXCP Rəyasət Heyətinin (RH) üzvləri də kəndə gəldi. Orada kimlər yox idi... Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Qüdrət Həsənquliyev, Əliməmməd Nuriyev, Məşədi Vaqif, Novella Cəfəroğlu, Akif İslamzadə, Qulamhüseyn Əliyev və adlarını unutduğum digərləri. RH-nin iclasının Kələkidə keçirilməsi Elçibəyin istəyi idi.
Bundan bir gün əvvəl Bəylə təklikdə söhbətimiz olmuşdu. Müsahibəni yekunlaşdırandan sonra bir sıra maraqlı söhbətlər etdi. Həmin söhbət indiyədək yaddaşımdan silinməyib və heç vaxt silinməyəcək. “Hərdən ətrafımda olanlar Raufla aramı vurmaq istəyir. Qəzetdə gedən şəkli göstərib deyirlər ki, bax, səni gecə köynəyində verib, bu, İsanın tapşırığıdır, səni gözdən salmaq istəyirlər. İsadan, Raufdan uzaq durmağımı, tamamilə əlaqəni kəsməyimi tövsiyə edirlər”. Bəy gülümsəyib əlavə etdi: “Hərdən onların dediyinə inanıram. Mən də insanam, hissim, emosiyam var. Amma sonra tez fikrimdən daşınıram. Deyirəm yox, bu mümkün deyil”.
Əbülfəz bəydən AXCP daxilindəki ziddiyyətlər barədə də soruşdum. Həmçinin Əli Kərimli və “Yurd” haqda suallar verdim. Bəy dedi ki, “Yurd” məsələsini siz jurnalistlər çox şişirtmisiniz. Ardınca da “Əli yaxşı oğlandır, siyasətçi kimi yaxşı gələcəyi var, amma bəzi yaramazlar onu öz təsiri altına salıb. Bakıya qayıtsam onu həmin təsirdən çıxara biləcəm” dedi. Rəyasət Heyətinin keçiriləcək iclası haqda da soruşdum. “Dərslərini verəcəm, ona görə bura çağırmışam” söylədi.
Bəy sözünü tutdu. “Yurd”çuların dərslərini elə gözəl verdi, onları o dərəcədə sıxdı ki, Əli Kərimli pressinqə dözməyib ağladı. Bu hadisənin şahidlərindən biri də mən oldum. Və Elçibəy haqda hazırladığımız xüsusi buraxılışda həmin mənzərəni “Kələki göz yaşlarına inanmır” yarımbaşlığı ilə təqdim etdik.
Bir neçə ay sonra Elçibəy Bakıya qayıtdı. Amma nə qədər çalışsa da, Əli Kərimlini yaramazların təsirindən qurtara bilmədi. Artıq gec idi. Bəy dünyasını dəyişəndən az sonra Kərimli Elçibəyin min əziyyətlə qurduğu Cəbhəni parçaladı və hakimiyyətin istifadəsinə verdi.
Qaldı ki, “Yeni Müsavat”ın Elçibəy barədə yazdığı tənqidlərə. Bu, sırf Əli Kərimlinin və onun indi hamısı satılmış komandasının israrı ilə Cəbhəni Etibar Məmmədova yaxınlaşdırmaq və onunla saziş imzalamaq faktı ilə bağlı idi. Biz o zaman həmin faktı və Cəbhə rəhbərliyini, onların Müsavatdan ayrılması xəttini, Elçibəy iqtidarının devrilməsində yaxından iştirak etmiş Etibar Məmmədov kimi qiyamçı birisi ilə saziş imzalaması biabırçılığını tənqid edirdik. Əsas hədəfimiz də Əli Kərimli idi; Elçibəy deyildi. Bu yazılara və tənqidlərə görə Əli Kərimli o zaman qəzetimizi və baş redaktoru prokurorluğa “stukavat” eləmişdi; barəmizdə cinayət işi açılmışdı və hər gün saatlarla Bakı prokurorluğunda ifadə verirdik...
Ümumiyyətlə, biz zaman-zaman müxalifəti və onun liderlərini tənqid etmişik. Onların səhv addımlarını cəmiyyətə göstərməyə çalışmışıq. Bu səhvlərdən imtina etmələrini, millət və Azərbaycan naminə bir-birilərinə güzəştə getmələrini, AXCP və Müsavatın birləşib ölkəni bu rejimin caynağından qurtarmalarını istəmişik. Nə yazıqlar ki, bu tənqidlərin bir faydası olmadı. Vaxtilə liderlərimiz “Yeni Müsavat”ın, Rauf Arifoğlunun tənqidlərini həzm edə bilmirdilər, bunu düşmənçilik sayırdılar. Üstündən 9 il keçdikdən sonra zaman kimin haqlı, kimin haqsız olduğunu isbatladı. Arada isə 15 ilimiz və minlərlə fədakar insanın həyatı getdi. Vaxtilə yapılan yanlışların, Kərimli kimilərin xəyanətlərinin, böyük liderlərimizin səhvlərinin acısını millət olaraq dadırıq.
Təəssüf.


Hem yazirsiz Eli ele, Hafiz bele, hem de yazirsiz "Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər". Nooldu bes azad sozunuz?! Yazdiginizin arxasinda axiracan dura bilmirsizse, yazmiyin.
İyul 29, 2008 18:21