Bu günlərdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (BMCQMİ) əməkdaşları tərəfindən Gültəkin adlı bir qadın həbs olunub. Hüquq-mühafizə orqanlarındakı qaynağımız bildirir ki, adıçəkilən şəxsin həbsi Azərbaycan Liberal Partiyasının lideri, “Milli Birlik” Hərəkatının sədri, tanınmış müxalifət lideri Lalə Şövkət Hacıyevanın hüquq-mühafizə orqanlarına ünvanladığı müraciət əsasında həyata keçirilib. Məlumatı verən mənbənin sözlərinə görə, Gültəkin adlı qadın Lalə Şövkətin 200 min ABŞ dolları həcmində pulunu alaraq mənimsədiyi və bu vəsaiti geri qaytarmaqdan imtina etdiyi üçün onun haqqında həbs-qətimkan tədbiri seçilib.
Xəbərdə deyilir ki, həmin qadın bu pulu öz qurbanından ona fərdi ev tikdirəcəyi adı ilə çoxdan alıbmış və Lalə xanımı uzun müddət aldadandan sonra da qaytarmaq istəmirmiş. Nəticədə xanım siyasətçi onun etimadından sui-istifadə etmiş bu şəxsə qarşı iddia qaldırmaq məcburiyyətində qalıb.
Bir müxalifət liderinin bu qədər pulunun haradan olmasına gəlincə isə qaynağımız bildirdi ki, Lalə xanımın hələ sovet dövründən Moskvada öz mənzili olub və o, bu evi sataraq Bakıda mənzil şəraitini yaxşılaşdırmaq istəyirmiş. Gültəkin adlı qadına verilən pullar da satılan mənzilin pulları olub. Xatırladaq ki, tibb elmləri doktoru, professor Lalə Şövkət üstəlik həm də keçmiş dövlət katibi olmasına rəğmən, Bakıda hələ də birotaqlı mənzildə yaşayır.
Mənbəmiz onu da vurğuladı ki, Gültəkin adlı həmin qadın bu həbsinə qədər də dəmir barmaqlıqlar arasına düşüb və bundan əvvəl də dələduzluq maddəsi ilə 3 il həbs cəzası çəkib.
Hörmətli Lalə Şövkətin özünün bu məsələyə münasibətini öyrənmək üçün dünən günün sonunda ona dəfələrlə zəng vursaq da, xanım siyasətçi ilə telefon əlaqəsi yaratmağımız mümkün olmadı. ALP-nin sədr əvəzi Əvəz Temirxanla danışıb məsələyə dair mövqeyini öyrənmək cəhdlərimiz də uğursuz alındı. Dünən iş günü olmadığı üçün DİN-dən də sorğumuza cavab verəcək yetkili şəxs tapılmadı.
Mövzuya qayıdacağıq.
KAMRAN
